|
Ramil Ramiz oğlu Əhmədov 1982-ci ilin Fevral ayında Azərbaycan Respublikası Naxcıvan Muxtar Respublikası Şərur şəhərində anadan olub. Atası ticarətçi, anası evdar qadındır. Ramilin Şahin və Cavid adlarında iki qardaşı var.
Uşaqlıqdan sağlamlığında qüsur olduğu üçün orta məktəbə gedə bilməyib. Təhsilini ev şəraitində alıb. Uşaqlığından ən böyük əyləncəsi rəsm çəkmək olub, sonralar bu əyləncə yaradıcılığa çevrilib. Əvvəllər kağız üzərində cızma qaralar edib, sonralar yağlı boya ilə çəkməyə başlayıb. Ramil rəssamlıq yolunda addımlarkən televiziyada göstərilən rəssamlıq proqramlarından və bu incəsənət növü ilə bağlı kitablardan yararlanıb.
Təbiətlə təmasda olmayan Ramil daha çox mənzərə rəsmləri çəkməyə üstünlük verir. Ramil mənzərə, portret, natürmort və tematik-çoxfüqurlu janrlarda şəkillər çəkir. Hal-hazırda Ramilin 70-ə yaxın əsəri mövcuddur.
Ramilin əsərləri 3 fərdi 3 ümumi olmaqla 6 sərgidə nümayiş etdirilib. Rəssamın əsərləri ilk olaraq Əcəmi Seyrangahında Naxcıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Novruz Bayramına həsr olunmuş "Yurdumuza novruz gəlir" devizi altında keçirilən rəsm müsabiqəsində digər rəssamların əsərləri ilə sərgilənib və birinci yeri tutubdur. Həmin müsabiqədə Ramil 9 əsəri ilə iştirak edib. Həmin ildə Naxcıvan şəhərində yerləşən Ticarət Mərkəzində rəssamın ilk fərdi sərgisi keçirilib. Bu sərgidə gənc rəssamın 60 ədəd əsəri sərgilənib və ictimaiyyətin müzakirəsinə səbəb olub. Rəssamın ikinci fərdi sərgisi 2001-ci ildə Aprel ayında Şərur şəhərində yerləşən Şərur Türk Litseyində Elm Sərgisi münasibətilə keçirilib. Elm Sərgisində Ramilin 50-yə yaxın əsəri nümayiş etdirilib. Ramil çəkdiyi "Atatürk" portretini bu sərgini təşkil etdiklərinə görə məktəb müdiriyyətinə hədiyyə edib. Eyni ildə Naxcıvan Muxtar Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin Naxcıvan Muxtar Respublikası təşkilatının təşkil etdiyi sərgidə rəssamın 12 əsəri sərgilənib və Ramil Təsviri İncəsənət sahəsində uğurlarına görə 2001-ci ilin "Ən yaxşı gənc rəssamı" adına layiq görülüb. 2002-ci ildə Azərbaycan Gənclərinin III forumu ilə əlaqədar uşaq, yeniyetmə və gənc rəssamların rəsm müsabiqəsində Gənclər üzrə I yeri tutduğuna görə Ramil Diplomla təltif edilib.
Rəssamın son sərgisi 2002-ci ilin İyul ayının 9-unda Naxcıvan Muxtar Respublikası Rəssamlar İttifaqının təşəbbüsü ilə Rəssamlar İttifaqının Rəsm Qalereyasında keçirilib. Bu sərgidə rəssamın 50-yə yaxın əsəri sərgilənib.
Rəssamın əsərləri dəfələrlə Muxtar Respublika televiziyasında nümayiş etdirilib, rəssamla əlaqədar televiziya proqramları hazırlanıb və mətbuatda rəssam haqqında müxtəlif yazılar dərc edilib.
Ramil boş vaxtlarında kompüterində oyun oynayır, internetə daxil olaraq virtual müzeylərdə gəzir, söhbət kanallarında müxtəlif insanlarla söhbət edir. Həmçinin rəssam şahmat oynamağı çox sevir.
|